Hemodializ
Hemodializ - böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir.Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Fistula əməliyyat otağında yerli anesteziya altında qoyulur. Vena və arteriya bir-birinə tikildikdən sonra 2-8 həftə ərzində fistulanın formalaşması prosesi gedir. Bu müddətdə qanın axını xəstə tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss edilən bu hal fistulanın fəaliyyətdə olduğunu göstərir.


